ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında İranla münasibətlər və NATO daxilindəki məsələlərlə bağlı sərt açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Donald Tramp mətbuat konfransında bildirib.
ABŞ lideri qeyd edib ki, İran qüvvələrinin bəzi gəmilərə raket hücumları təşkil etməsindən sonra Vaşinqton cavab tədbirləri görüb. Tramp İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atacaqlarını vurğulayıb.
Onun sözlərinə görə, İranla mövcud atəşkəs rejimi artıq başa çatıb və ABŞ bu razılaşmanı davam etdirmək niyyətində deyil. Tramp İran rəsmilərini yalan danışmaqda ittiham edib və Vaşinqtonun bu məsələdə öz mövqeyini qoruyacağını bildirib.
NATO məsələsinə toxunan ABŞ Prezidenti xüsusilə İspaniyanın alyans daxilindəki mövqeyini tənqid edib. O, İspaniyanı "pis NATO müttəfiqi" adlandıraraq, bu ölkə ilə bağlı narazılığını ifadə edib.
Tramp bildirib ki, İspaniyanın bəzi siyasətləri digər ölkələrə qarşı düzgün deyil və ticarət əlaqələri ilə bağlı addımların atılması mümkündür.
ABŞ Prezidenti həmçinin Türkiyə ilə münasibətlərə də toxunub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrini müsbət qiymətləndirib və Türkiyənin güclü orduya malik olmasına baxmayaraq, münaqişələrdən uzaq qalmaq qərarını dəstəklədiyini bildirib.