ABŞ və İran arasındakı danışıqlar mesaj mübadiləsinin bir neçə gün çəkdiyi "ağır proses"ə çevrilib, çünki Tehran ali rəhbər Müctəba Xameneinin yerini gizlətməyə çalışır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu iddia ilə vəziyyətlə tanış olan şəxslərə istinadən "Bloomberg" agentliyi çıxış edib.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, amerikalı müzakirəçilərin təklifləri iranlı yüksəkvəzifəli şəxslərə İslam Respublikasının ali rəhbəri Müctəba Xameneinin yerini gizlətmək məqsədilə tez-tez kuryerlərin iştirakı ilə - "dolayı diplomatik yolla" çatdırılır. İran hakimiyyəti onun sui-qəsd hədəfinə çevrilə biləcəyindən ehtiyat edir, bu səbəbdən onun harada olduğu tam məxfi saxlanılır.
Müharibə zamanı İranda qeyri-sabit rabitə də vəziyyəti mürəkkəbləşdirib. Qeyd olunur ki, "WhatsApp" messencerindəki mesajlar bəzən yalnız 48 saatdan sonra gedib çatır.
Mənbələrin sözlərinə görə, danışıqlar həm də kuryerlər göndərilməzdən əvvəl Pakistan rəsmilərinin ABŞ-nin təklif və cavablarını telefonla və Tehrana şəxsi səfərlər vasitəsilə nə dərəcədə çatdıracağından asılıdır.
Bununla yanaşı, agentliyin həmsöhbətlərinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə İranın XİN rəhbəri Abbas Əraqçi arasında birbaşa əlaqə kanalı qorunub saxlanılır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton və Tehran sövdələşmə barədə razılığa gəlib, lakin İran bu bəyanatı təkzib edib.