"Britaniyanın İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrindən məhsulların idxalına qadağa qoyması Böyük Britaniya iqtisadiyyatına zərbə vura bilər".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.
Hakabi açıqlamasında Britaniya hökumətinin qəbul etdiyi qərarın ölkə biznesinə təsir göstərə biləcəyini deyib.
“Bilmirəm, onlar bunun britaniyalılara necə təsir edəcəyinin fərqindədirlərmi. ABŞ tərəfindən milli səviyyədə hansı sanksiyaların və ya digər cavab tədbirlərinin görüləcəyini bilmirəm, çünki belə tədbirlər hələ açıqlanmayıb. Lakin bilirəm ki, ABŞ-nin bir sıra ştatlarında, o cümlədən ən böyük ştatlardan biri olan Floridada belə addımların atılması halında britaniyalıların Floridadakı şirkətlərin heç biri ilə ticarət edə bilməyəcəyini nəzərdə tutan qanunlar var", - səfir bildirib.
Hakabi Britaniya hakimiyyətinin qərarını rasional olmayan addım kimi qiymətləndirib.
"Onların bununla nə əldə etmək istədiklərini başa düşmürəm", - ABŞ səfiri əlavə edib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro isə sentyabrın 8-də Parisin İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Kanada, Norveç, Polşa, Portuqaliya, Finlandiya və İsveçin də bu təşəbbüsə qoşulması gözlənilir.