Xaçmaz rayonunda yol polisi əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, yoxlama zamanı Hikmət Əsədov və Nicat Qafarov şübhəli bilinərək tibbi müayinəyə cəlb olunublar. Müayinənin nəticələrinə əsasən, hər iki sürücünün narkotik vasitənin təsiri altında olduğu təsdiqlənib.
Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov barəsində inzibati qaydada həbs tədbiri seçilib.
Qeyd edilib ki, cari ilin əvvəlindən etibarən polis əməkdaşlarının həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində Xaçmaz rayonu ərazisində narkotik maddələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən ümumilikdə 19 sürücü aşkarlanıb.