Saatlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı iki nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyev tutulublar.
Araşdırmalar zamanı onlardan ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə — həşiş və marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr üzərindən tanış olduqları, hazırda istintaqla şəxsiyyəti müəyyənləşdirilən İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.