Türkiyə kosmik sənayesində mühüm mərhələni geridə qoyub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Milli Kosmik Proqram çərçivəsində hazırlanan “Rubidyum Atom Saatı”nın (RAFS) uğurla kosmosa göndərildiyini açıqlayıb.
Nazirin sözlərinə görə, kosmik aparatdan artıq ilk siqnal qəbul edilib. Layihə Türkiyə Kosmik Agentliyinin rəhbərliyi, “TÜBİTAK UME”nin baş podratçılığı, “TÜBİTAK UZAY” və “İTÜNOVA”nın əməkdaşlığı ilə həyata keçirilib.
Bildirilib ki, atom saatı yüksək dəqiqliklə zaman ölçmə imkanına malikdir və rubidyum atomunun sabit rezonans tezliyindən istifadə edir. Texnologiya kosmik şəraitdə sınaqdan keçirilərək Türkiyənin rabitə, naviqasiya və peyk sistemlərinin inkişafına töhfə verəcək.
Mütəxəssislərin fikrincə, layihə gələcəkdə Türkiyənin yerli peyk sistemləri və regional mövqeləndirmə texnologiyaları üçün mühüm infrastruktur bazası yarada bilər.