Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni təkliflər hazırlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın hazırladığı təklifləri həm Rusiya, həm də Ukrayna ilə müzakirə etdiyini bildirib.
Nazirin sözlərinə görə, Türkiyə bir sıra ölkələrdən gələn çağırışlar əsasında Qara dənizdə təhlükəsizliyin təmin olunması ilə bağlı konkret həll yolları üzərində işləyir.
Hakan Fidan hazırkı vəziyyətin dünya miqyasında ərzaq təhlükəsizliyinə ciddi ziyan vurduğunu vurğulayıb.
Diplomatın qeyd etdiyinə görə, Türkiyənin hazırladığı təkliflər paketi tərəflərlə aktiv şəkildə müzakirə olunur və bu istiqamətdə dialoq davam etdirilir.
Xatırladaq ki, daha əvvəl Türkiyənin keçmiş hərbi attaşesi, təqaüddə olan polkovnik İhsan Səfa rəsmi Ankaraya təkliflə çıxış edib.
O, Ukrayna ilə əlaqəli gəmilərin boğazlardan keçidinə məhdudiyyət qoyulmasını tələb edib.