Dünya bazarında kəskin bahalaşma nümayiş etdirən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,9% (və ya 9,63 ABŞ dolları) artaraq 117,79 ABŞ dollarına çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” agentliyinə neft bazarındakı mənbədən verilən məlumata görə, hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti də 112,53 ABŞ dolları təşkil edib.
Bununla yanaşı, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli 9,25% (və ya 9,65 ABŞ dolları) bahalaşaraq 113,95 ABŞ dolları səviyyəsində qərarlaşıb. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Tarixi statistikaya nəzər salsaq, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir və layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.