“Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyi aydın və prinsipial şəkildə nümayiş etdirir”.
Bu sözləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibəni və dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüququn selektiv tətbiq olunduğu, “qanunun aliliyi”nin yerini getdikcə “güc qaydası”nın tutduğu bir dövrdə Azərbaycanın milli maraqlara əsaslanan və eyni zamanda beynəlxalq hüquqa tam uyğun siyasət yürütməsi ölkəmizin strateji baxışının göstəricisidir.

Vasif Qafarov vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası məhz bu ardıcıl və prinsipial siyasətin nəticəsidir.
“Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan yeni geosiyasi reallıqlar fonunda öz gücünə və potensialına arxalanaraq düzgün strateji seçim edib”, – deyə deputat qeyd edib.
Deputat Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də Azərbaycanın regionda sülh və əməkdaşlıq naminə göstərdiyi səylərə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirib:
“Otuz ildən artıq davam edən münaqişə və qarşıdurmalardan sonra Cənubi Qafqazda sülh mühitinin formalaşması tarixi hadisədir. Azərbaycanla Ermənistan arasında münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçməsi, nəqliyyat və enerji sahələrində məhdudiyyətlərin aradan qaldırılması regional sabitliyin möhkəmlənməsinə xidmət edir”.

“Ölkə daxilində risklərin minimum səviyyədə olması, diqqətin əsasən regiondakı proseslərə yönəldilməsi güclü dövlət idarəçiliyinin göstəricisidir. Enerji bazarlarında sabitliyin qorunması və qiymətlərin proqnozlaşdırıla bilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir”, – deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, onlarla ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixracı, geniş boru kəməri şəbəkəsi və etibarlı nəqliyyat infrastrukturu Azərbaycanın qlobal enerji xəritəsində mühüm yer tutmasını təmin edir. Avropa ilə artan enerji əməkdaşlığı isə ölkəmizə olan beynəlxalq etimadın bariz nümunəsidir.
Sonda Vasif Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və regionda sülhün əsas dayağı kimi çıxış edir.
“Bu siyasət yalnız bugünün deyil, gələcək nəsillərin də təhlükəsiz və firavan yaşayışını təmin etməyə xidmət edir”, – deyə deputat fikrini tamamlayıb.