Dünyanın ən mühüm neft nəqli marşrutlarından biri olan Hörmüz boğazında gərginlik artır.
"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, aparıcı neft və ticarət şirkətləri bölgədəki təhlükəsizlik risklərini əsas gətirərək daşımaları müvəqqəti olaraq dayandırdıqlarını elan ediblər.
"Reuters" xəbər agentliyinə açıqlama verən böyük ticarət şirkətlərindən birinin rəhbəri mövcud risklər səbəbindən gəmiləri bir neçə gün daha olduqları yerlərdə saxlamaq qərarına gəldiklərini bildirib.
Şirkətlər münaqişə mühiti sabitləşənə qədər tankerlərin açıq dənizə çıxmasının qarşısını almaqla mümkün hücum risklərini minimuma endirməyi hədəfləyirlər.
Ərəbistan yarımadası ilə İran arasında yerləşən Hörmüz boğazı qlobal neft ticarətinin əsas arteriyası hesab olunur.
Bu strateji marşrut vasitəsilə hər gün təxminən 20 milyon barel xam neft və neft məhsulları daşınır.
Ekspertlər xəbərdarlıq edirlər ki, Hörmüz boğazında yaranan hər hansı uzunmüddətli fasilə qlobal enerji bazarlarında təklif şokuna səbəb ola bilər.Beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin artması qaçılmazdır. Qlobal enerji təhlükəsizliyi ciddi təhdidlə üz-üzə qala bilər.
Hazırda bölgədəki vəziyyət beynəlxalq enerji bazarları tərəfindən yaxından izlənilir.