Bakının Suraxanı rayonunda, xüsusilə Aeroport şosesində ("Buta Palace" yaxınlığı) hərəkətə məhdudiyyət tətbiq olunacaq. Fevralın 14-15-də elektron məlumat-sürət tablolarının sökülərək yenilənməsi səbəbindən sürücülərin diqqətli olması tövsiyə edilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Məhdudiyyət fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində qüvvədə olacaq.
Növbəti gün, fevralın 15-də isə həmin saatlarda "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.
Eyni zamanda, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Yol polisi məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görəcək.