"TikTok" sosial media platforması məzmunun moderasiyasında süni intellekt texnologiyalarına keçid çərçivəsində etibar və təhlükəsizlik komandalarında çalışan yüzlərlə moderatoru işdən çıxaracağını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, şirkət İrlandiyadakı əməkdaşlarının sayını təxminən 300 nəfər azaltmağı planlaşdırır.
Bildirilir ki, digər ölkələrdəki komandalar da bu prosesdən təsirlənəcək. Lakin ixtisarların hansı ölkələri əhatə edəcəyi hələ dəqiqləşdirilməyib.
"TikTok"un məzmun moderatorları platformada təhlükəli və zərərli paylaşımların aşkarlanaraq aradan qaldırılmasına cavabdehdir.
Videolar coğrafi bölgələrə görə deyil, dillər əsasında yoxlanıldığı üçün ixtisarların yalnız müəyyən regionla məhdudlaşmayacağı və qlobal istifadəçilərə təsir göstərə biləcəyi bildirilir.
Şirkət rəsmiləri qeyd ediblər ki, bu addım etibar və təhlükəsizlik sahəsində qlobal əməliyyat modelinin ən son texnoloji yeniliklərə uyğun şəkildə yenidən qurulmasının tərkib hissəsidir.