Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşada Polad Bülbüloğlunun repertuarından olan "Şən Azərbaycan" mahnısını ifa edib. Səfir bu barədə özünün "Facebook" səhifəsində paylaşım edib.
İstedadlı gənc mahnını Şuşa qalasının fonunda həm Azərbaycan, həm də rus dillərində səsləndirib. Diplomat paylaşımına əlavə etdiyi şərhdə 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək, oğlunun bu ifa ilə ölkəmizə olan hörmət və sevgisini ifadə etdiyini bildirib.
Qeyd edək ki, Slava Esaulenko Azərbaycanın mədəni həyatında yaxından iştirak edir. O, Bakıdakı 20 nömrəli orta məktəbin şagirdidir və eyni zamanda 16 nömrəli Musiqi Məktəbində təhsil alır. Slava müxtəlif mədəni tədbirlərdə çıxış edərək tanınmış azərbaycanlı bəstəkarların əsərlərini ifa etməsi ilə tanınır.