“1992-ci il xalqımızın tarixindəki qara ləkə idi, o qara ləkə 44 Günlük Vətən Müharibəsində şəhidlərimiz qanı ilə yuyuldu”.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM" açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputat qeyd edib ki, bu tarixi gələcək nəsillərə aşılamalıyıq ki, gənclərimiz bundan dərs çıxarsın.
“Azərbaycan tarixində 8 may Şuşanın işğal tarixi kimi qalır, amma Ali Baş Komandanın rəhbərliyi altında ordumuz işğala son qoydu və 8 may Şuşanın işğalı Azərbaycan xalqının tarixində qara ləkə kimi əbədi qalmadı. 2020-ci ildə Vətən Müharibəsində Şuşa 8 noyabrda işğaldan azad olundu. Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının çoxəsirlik həyatında ən böyük qəhrəmanlıq tarixidir. Mən deyərdim ki, qəhramanlığın zirvəsidir. Çünki Azərbaycan dünya ermənilyi ilə, işğalçı, terrorçu Ermənistan və onun arxasında duran qüvvələrlə müharibə etdi və 44 gün ərzində 30 il işğal altında qalan, hər qarışı minalanmış əraziləri işğaldan azad etdi. Bu bir qəhrəmanlıq səlnaməsidir. 1992-ci il xalqımızın tarixindəki qara ləkə idi, o qara ləkə 44 günlük Vətən Müharibəsində şəhidlərimiz öz qanı ilə yuyuldu. Təbii ki, o yaddaşlarda və tarixdə qalacaq. Biz bunu gələcək nəsillərin də yaddaşına həkk etməliyik ki, bu tarixdən dərs çıxarılsın. Şuşanın alınmaz qala olmasını dünyanın bütün siyasətçiləri, hərbçiləri qeyd edir. Alınmaz qala dövlətimizi idarə edən, heç bir səriştəsi olmayan, vətən və torpaq anlayışını bilməyən başıpozuqların rəhbərliyi dövründə işğalı edildi. Biz bu tarixi gələcək nəsillərə yaxşı təbliğ etməliyik ki, bu tarixdən dərs çıxarılsın və görsünlər ki, Azərbaycanın hər qarışı yüzlərlə oğulun qanı hesabına azad olunub. Şuşa işğal olanda o vaxtkı rəhbərlik buna adi hal kimi baxırdı. Müdafiə naziri deyirdi ki, Şuşa işğal olsa, özünü güllələyəcək. Hətta rəhbərlikdə təmsil olunan bəzi rəsmilər deyirdi ki, işğal ediblər biz də geri qaytaracayıq”.
Millət vəkili bildirib ki, həmin illərdə Ermənistanın ordusu yox idi, Şuşanın müdafiəsinin düzgün təmin edilməməsindən şəhər quldur dəstələri tərəfindən işğal edildi.
“Şuşa ciddi döyüş getmədən, müdafiənin düzgün təmin edilməməsi səbəbindən işğal edildi. 1992-ci ildə Ermənistanın da ordusu yox idi, yalnız quldur dəstələri var idi. Təsəvvür edin ki, şəhəri quldur dəstələri işğal etmişdi. Ötən dövr ərzində Ermənistanın işğalçı-siyasi rəhbərliyi, “lider”ləri Şuşada gəlib poz verərək şəkil çəkib sosial şəbəkələrdə paylaşaraq Azərbaycan xalqına acıq verirdilər. Müharibədən bir neçə ay öncə Paşinyan və xanımı Anna Akopyan Azərbaycan yallısını oynayaraq bizə sanki qıcıq verirdilər. Orda qondarma dövlətin parlament binasını qurmaq istəyirdilər. Şuşa ilə bağlı planlarını hər yolla Azərbaycan ictimaiyyətinə çatdırmağa çalışırdılar ki, bizə mənəvi və psixoloji cəhhətdən təyziq eləsinlər. Ermənistan rəsmiləri anlamaq istəmirdilər ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Bunu həm Ulu Öndər, həm də İlham Əliyev hər çıxışında qeyd edir ki, biz onlara bir qarış torpağı belə güzəştə getməyəcəyik. Ermənilər bundan dərs çıxarmadı və qəhrəman oğullarımızın sayəsində şəhər işğaldan azad olundu və bu gün Şuşa Türk Dünyasının mədəniyyət paytaxtıdır. Biz qürur duyuruq ki, Şuşa 44 Günlük Vətən Müharibəsində işğaldan azad olundu və bu gün Azərbaycan xalqı və dövləti dünyada qalib xalq və dövlət kimi tanınır. Bu şərəfi bizə bəxş etdiyi üçün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə, ordumuza, Ali Baş Komandanımıza can sağlığı arzu edirəm. Bu qürür əbədi davam edəcək”.
Məlik Məlikov