“Süni intellektin yaranması ilə çox sahələr dəyişəcək" - MÜSAHİBƏ

“Süni intellektin yaranması ilə çox sahələr dəyişəcək" - MÜSAHİBƏ
04.04.2023 17:03
Aa
dəq

İnsan-robot ünsiyyət mütəxəssisi Maral Qurbanzadə süni intellekt barədə müxtəlif araşdırmalar aparır.

Bu haqda  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi müsahibəni təqdim edirik.

Süni intellektin yaranmasına artan tələbatın səbəbi sizcə nədir?

“Süni intellektin yaranmasına artan tələbatın səbəbi ağıllı həllərin əldə edilməsidir. Biz çox şeyə ağıllı deyə bilərik. Məsələn, smartfon, çox insan buna smart deyir. Biz smart deyəndə, ağıllı nə nəzərdə tuturuq? Hansınsa proqram özü avtonom şəkildə, insan idarəsi olmadan ağıllı nəticəyə özü gəlir, ya da hansısa problemi insan idarəsi olmadan ağıllı formada yerinə yetirir. Ağıllı dedikdə avtonom və düzgün formada davranan bir sistem nəzərdə tuturuq. Hansı ki, ətrafdan məlumatları alıb, emal edib bizə bir nəticə verir. Yəni, proqramlaşdırılmalı deyil.

Məsələn, kompüter texnologiya olsa da, ağıllı sistem sayılmır çünki, onu proqramlaşdırmaq lazımdır. O, öz-özünə bizə ağıllı davranış göstərə bilməz. Əlbəttə, biz artıq süni intellektdən istifadə etmək üçün kompüteri istifadə ediriksə, bu başqa bir məsələdir. Texnologiyalar süni intellektə gələnə qədər ən ağıllı texnologiyamız kompüter idi, lakin, bizim insan cəmiyyəti olaraq kompüterlər ilə böyük problemimiz var, çünki kompüterləri və ağıllı sistemləri proqramlaşdırmaq çox çətindi. Süni intellekt və Dördüncü Sənaye İnqilabı ona görə inqilab sayılır ki, bu yeni texnologiya özü ağıllı davranacaq, bütün sahələri tamamilə dəyişdirəcək. Necə ki, 200 il bundan qabaq elektrik enerjisinin istifadəsinə başlanılması bütün sahələri dəyişdirib eləcə də, süni intellekt. Təbii olaraq, buna insanların maraq və tələbatı artır”.

Süni intellektin yaranmasının insan cəmiyyətinə təsiri nə ola bilər?

“Süni intellektin yaranması ilə çox sahələr dəyişəcək və cəmiyyətə təsiri çox böyük olacaq. Bu suala birmənalı cavab vermək mümkün deyil, çünki təsirlər müsbət də olacaq, mənfi də. Bunu deyə bilərəm ki, bütün peşə, sənaye sahələri dəyişəcək. Müsbət təsirləri çox olacaq. Səhiyyəni misal gətirmək istəyirəm. Robotlar istifadə olunsa, gələcək pandemiyada səhiyyə işçilərinin daha sağlam olmasına şərait yaranacaq, lakin, eyni zamanda onlar tibb bacılarının yerinə işləsə, artıq tibb bacısı peşəsi azalacaq, ya da dəyişəcək. Necə dəyişəcəyini biz bilmirik. 

Məsələn, 30 il bundan qabaq avtomobil zavodlarında robotlarla işləməyə başlandıqdan sonra insanlar azaldı. Hazırda, avtomobil zavodlarında bir nəfər də işləmir, yəni avtomobil sənayesi tamamilə robotlaşdırılıb. Bu maşınlar insan əli dəymədən quraşdırılır. Bu o deməkdir ki, biz daha təhlükəsiz maşın əldə edirik. Bu əslində müsbət haldır, çünki həmin zavodlarda çoxlu təhlükəli vəziyyətlər yaranırdı, hansı ki, insanlar həlak olurdular. Süni intellekt bizə xas olmayan monoton, təhlükəli və insan ləyaqətinə xas olmayan işləri görəcək. Məsələn, yanğından xilas etmək işi. Gələcəkdə bir nağıl kimi danışacağıq. Bir zamanlar...”.

Süni intellektə keçid hansı müsbət və mənfi halların yaranmasına səbəb olacaq?

“Müsbət tərəfləri ondan ibarətdir ki, süni intellektin gücü çox böyükdür, bizə çoxlu dəyər gətirə bilir. Necə ki, 80 il bundan qabaq bir ofis işləyirdi, hesablamalar aparırdı, hər kəs öz hesablama maşınında hesablama aparırdı. Hazırda bunlara ehtiyac yoxdur, “Excel” proqramı vasitəsilə bu işlərin hamısını yerinə yetirə bilirik. Eyni formada süni intellektə baxa, gördüyümüz işləri ona həvalə edə bilərik. Bu dünyada yüksək səviyyədə fayda yaradacaq. Bütün işlər insan əməyi olmadan həll olunacaq. Bu əslində, gözəldir. Bu o deməkdir ki, siz hansı peşəyə gəlirsinizsə, bu peşədə dərhal sizin bir assistentiniz olur.

Necə ki, biz indi kompüterdən istifadə edirik, bundan əvvəl kompüter yox idi, insanlar peçat maşınında yazmalı olurdular. Eyni formada da gələcəkdə kompüterdən istifadə etmək lazım olmayacaq, yanımızda bir robot gəzəcək, hansı ki, ona “x bir yerə gedirəm, mənə ərizə yazmaq lazımdır” deyəcəyik və o bizim yerimizə yazacaq. İnsanlar düşünürlər ki, süni intellektə keçid olunsa, artıq görüləcək iş olmayacaq, bu elə deyil. Dünya çox maraqlıdır və həddən artıq məşğul olmağa işlər var. Sadəcə biz iş görməyə, işləməyə o qədər öyrəşmişik ki, başa düşmürük süni intellekt bizim istəmədiyimiz işləri üstümüzdən götürəcək. Süni intellektən istifadə edərək öz işimizi daha maraqlı və daha asan edə bilərik. Mənfi tərəfləri ondan ibarətdir ki, məlumatlar süni intellektə ötürülür və onların məxfiliyi çox böyük bir problemdir. Süni intellektin insan cəmiyyətinə hansı təsirləri göstərəcək bilmirik. Bu cəmiyyətin dinamikasından asılıdır. Bunu proqnozlaşdırmaq çətindir.

Mən adətən, interviyularda mənfi danışmağı xoşlamıram, lakin mənfi təsirlər soruşulanda biz fikirləşməliyik ki, hər bir güclü texnologiyanın mənfi tərəfi də bir o qədər güclü olur. Nə qədər dəyər gətirə bilərsə, o qədər də bizim vəziyyətimizi pisləşdirə bilər”.

Rəqəmsal texnologiyaların insan həyatını asanlaşdırması, onların şəxsi bacarıqlarını inkişaf etdirmələrinə nə kimi təsir göstərəcək?

“Çox böyük və çox gözəl təsir göstərəcək. Hazırda siz öz məqalələrinizin yazılmasında süni intellektən istifadə edə bilərsiniz, çox asanlıqla o, özü yaza bilər. Yaxud da, sizin internet portalınız desə ki, bizə insan işçi lazım deyil, bizdə süni intellekt var, siz deyə bilərsiniz ki, “çox gözəl, mən də özümə bir internet portalı açacam, çünki məndə də artıq süni intellekt var. Hazırda mənim 15 jurnalistim var, mən bu işdə 10 ildi işlədiyimə görə daha agaham və işin özəlliklərinə yaxşı bələdəm” - başa düşürsünüz, gücü çox böyükdür. Hazırda “ChatGPT” nüfuzlu texnologiyadır və bunundan çox yaxşı istifadə edə bilərsiniz”.

Süni intelektin həyatımıza daxil olması işsizlik, assosiallıq kimi problemlər yaradacağı üzərində fikir mübadilələrinin edildiyi göz önündədir. İnsanların konspirasiya nəzəriyyələrinə inanmalarına diqqət yetirərsək, sizcə bu insanlığın sonunu gətirə bilərmi?

"Bu suala açıq cavab odur ki, həqiqətən də dünyanın sonunu gətirə bilər, amma biz ajiotaj, katastrofalar fikirləşməməliyik. Biz sadəcə düşünməliyik ki, yəni belə reallıq olsa, necə ki, pandemiya bəşəriyyətin sonunu gətirə bilərdi, asteroid dünya ilə toqquşsa, belə bir şey ola bilər. Bir gözəl kitab var “Bizim sonuncu saatımız”, bu kitabda dünyanın, bəşəriyyətin sonunu gətirə biləcək real təhlükələr sadalanmışdı. Əslində, süni intellekt onlardan biri idi. Biz insan cəmiyyəti kimi süni intellektin təhlükəsizliyini təmin etmədən, bəşəriyyətə dəyərini ölçmədən ona güvənməməliyik. Biz onu hüquqi formada tənzimləməliyik, hansı ki, digər prosesləri tənzimləyirik. Bu texnologiyadan bizə fayda verməsi üçün istifadə etməliyik və elə edəcəyik ki, dünyanın sonunu gətirməsin. Əlbəttə, o düzgün insanların əlinə düşməsə, dünyanı zəbt etməyi planlaşdıran pis fikirli kiçik qrupun əlinə düşsə, bu baş verə bilər.

Lakin, bu baş verməyəcək, hazırda süni intellekt hamıya açıq istifadədir və hamı ondan istifadə edə bilər. Bu çox vacibdir ki, hansı ölkədə işləyib-işləməməsindən asılı olmayaraq bu texnologiya hamıya, bütün təbəqələrə, bütün qruplara həmişə açıq olsun. İstər Çin, istər ABŞ, istər Avropa Birliyi, istənilən milli etnik qrup vacib deyil, bu texnologiyanın gəlib çatdığı şirkət, insan qrupları bu texnologiyanı hamıya açıq etməlidir və kiməsə bağlı qala bilməz, çünki bəşəriyyət var".

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu