ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə hipersəs silahların yerləşdirilməsi ilə bağlı təşəbbüs irəli sürüb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, CENTCOM İrana qarşı mümkün istifadə üçün “Dark Eagle” hipersəs raketinin regionda yerləşdirilməsini istəyib. Bildirilir ki, bu tələb İranın öz buraxılış qurğularını təxminən 482 kilometrdən çox məsafədəki hədəfləri vura bilən “Precision Strike” raketlərinin təsir dairəsindən kənara çıxarması ilə əsaslandırılır.
Qeyd olunur ki, məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Mənbələrin sözlərinə görə, əgər bu sorğu təsdiqlənərsə, bu, ABŞ-nin hipersəs raket sistemlərinin ilk dəfə olaraq xarici regionda yerləşdirilməsi kimi tarixə düşə bilər.