Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuata bəyanatlarla çıxış etməsi Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın strateji əhəmiyyətini bir daha göstərir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizdən çoxu Avropa İttifaqının payına düşüb. Həmçinin Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının 69 faizi ittifaq ölkələrinə yönəlib.
Deputat qeyd edib ki, xarici ticarət dövriyyəsində Avropa İttifaqına üzv olan İtaliya xüsusi yer tutur və ümumi dövriyyənin təxminən dörddə biri bu ölkənin payına düşür.
V.Bayramovun sözlərinə görə, enerji əməkdaşlığı da Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm istiqamətlərdən biridir. Azərbaycanın illik 25,2 milyard kubmetrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir. O vurğulayıb ki, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrdən 10-nun Avropa İttifaqının üzvü olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini göstərir.
Deputat bildirib ki, son 5 ildə Azərbaycan Avropaya 56 milyard kubmetrdən çox təbii qaz ixrac edib və hazırda ölkəmiz Avropa İttifaqına qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Onun sözlərinə görə, artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa deyil, həm də Qərbi Avropa bazarına daxil olmaqdadır.
Vüqar Bayramov əlavə edib ki, yeni mərhələdə Azərbaycan bərpa olunan enerji sahəsində də Avropa ilə əməkdaşlığı genişləndirəcək. Onun sözlərinə görə, Gürcüstan ərazisi və Qara dənizin dibi ilə çəkiləcək enerji xətti vasitəsilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerjinin 2027-ci ildən sonra Avropa İttifaqına ixracı mümkün olacaq.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika körpüsü rolunu oynayır. Regional nəqliyyat dəhlizlərinin genişlənməsi və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq. Bu isə Avropanın Şərqə, o cümlədən Naxçıvan Muxtar Respublikası vasitəsilə daha asan çıxış imkanları əldə etməsinə şərait yaradacaq.
Millət vəkilinin fikrincə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və aparılan müzakirələr ölkəmizin geosiyasi mövqeyinin daha da gücləndiyini göstərir və regionda formalaşan yeni əməkdaşlıq mühiti əlavə imkanlar yaradır.