Slovakiyalı FIFA referisi İvan Krujlyak bu mövsüm ikinci dəfə "Qarabağ"ın oyununa təyinat alıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 41 yaşlı hakim UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Liverpul" – "Qarabağ" səfər matçında meydanda əsas söz sahibi olacaq.
İ.Krujlyak daha əvvəl də "köhlən atlar"ın qarşılaşmalarında iş başında olub. "Qarabağ" 2025-ci ilin avqustunda III təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyada "Şkendiya"nı minimal hesabla məğlub etmişdi.
Slovakiyalı hakim həmçinin Azərbaycan millisinin 2021-ci ildə Qətərə qarşı (1:2) uduzduğu yoldaşlıq oyununda və 2015-ci ildə "Qəbələ"nin UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanda "Panatinaikos"la 2:2 hesablı bərabərə qaldığı matçda ədaləti təmin etmişdi.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində keçiriləcək "Liverpul" – "Qarabağ" matçı yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.