Konqo Demokratik Respublikasında (KDR) altı ABŞ vətəndaşında Ebola virusuna yoluxma ehtimalı ortaya çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.
İlkin məlumatlara əsasən, həmin şəxslərdən üçü yüksək risk qrupuna daxil olub və onlardan birində xəstəliyə bənzər simptomlar müşahidə edilib. Lakin hələlik heç birində Ebola diaqnozu rəsmi olaraq təsdiqlənməyib.
Məlumata görə, həmin şəxslərin Konqo Demokratik Respublikasını tərk edib-etmədiyi də dəqiq bilinmir.
STAT nəşri bildirir ki, ABŞ hökuməti mümkün yoluxma halları təsdiqlənərsə, həmin şəxslərin təhlükəsiz şəkildə təxliyə edilərək karantinə yerləşdirilməsi üzərində işləyir. Variantlardan biri onların Almaniyadakı ABŞ hərbi bazasına aparılmasıdır.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) isə ölkə daxilində Ebola yayılma riskinin hələ də çox aşağı olduğunu açıqlayıb. Dövlət Departamenti həmçinin KDR və Uqandaya səyahətlə bağlı məhdudiyyətlər tətbiq edib.
Qeyd edək ki, hazırda Ebola epidemiyasının əsas ocağı Konqonun İturi əyaləti hesab olunur. Rəsmilərin məlumatına görə, bu ay ölkədə 88 nəfər Ebola səbəbilə həyatını itirib.
Ebola virusu ilk dəfə 1976-cı ildə indiki KDR ərazisində qeydə alınıb və ağır hallarda daxili qanaxma və orqan çatışmazlığı ilə nəticələnir.