Rusiyanın Ulyanovsk vilayətində Çelyabinskdən Moskvaya hərəkət edən sərnişin qatarının yeddi vaqonu relsdən çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları (RJD) məlumat yayıb.
Hadisə Moskva vaxtı ilə saat 06:26-da Bryandino stansiyası yaxınlığında qeydə alınıb.
Qəzaya uğrayan qatar 302 nömrəli Çelyabinsk-Moskva reysini həyata keçirirdi.
Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatlarına əsasən, hadisə nəticəsində həlak olan yoxdur.
Yaralılar barədə məlumatlar dəqiqləşdirilir. Dəmir yolunun sözügedən hissəsində hərəkət müvəqqəti olaraq dayandırılıb.
Qəzanın fəsadlarını aradan qaldırmaq məqsədilə Ulyanovsk, Buqulma, Sızran və Ruzayevkadan bərpa qatarları cəlb edilib.
Həmçinin, sərnişinlərin təxliyəsi üçün əlavə vaqonlar hazırlanır. Hazırda ərazidə müstəntiqlər, kriminalistlər və operativ xidmət əməkdaşları fəaliyyət göstərir. Prokurorluq tərəfindən faktla bağlı müvafiq yoxlamalara başlanılıb.