Psixoloq: "İntihar edən insan iradəsi zəif olan insandır" - MÜSAHİBƏ

Psixoloq: "İntihar edən insan iradəsi zəif olan insandır" - MÜSAHİBƏ
07.04.2023 22:03
Aa
dəq

"Mən düşünürəm ki, bu gün intiharlar sevgi və xəyanət motivlidir".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində psixoloq Gülnar Orucova deyib.

"Operativ Məlumat Mərkəzi-OMM"  müsahibəni təqdim edir:

1. İnsanları intihar etəməyə təşəbbüs edən nə olur? Ümumiyyətlə, intihar edən insanların psixologiyası zəifmi olur?

"İntihar edən şəxslər həyatı daha çox sevən, həyatdan daha çox uğurlar, nailiyyətlər gözləyən insanlardır. Və bunu əldə etməyəndə, həyatda uğur qazana bilməyəndə, yaxud qarşılarında böyük problemləri görəndə insanlar yaşamaqdan vaz keçmiş olurlar və intihar edirlər. Ümumiyyətlə, intihar edən şəxsin psixologiyası digər insanların psixologiyasından zəif olur. Yəni onun stresə davamlılığı daha azdı, problemləri həll etmə bacarığı daha aşağı səviyyədədir. İntihar edən insan iradəsi zəif insandır. İradəsi güclü insanlar hər bir vəziyyətdən çıxış yolu tapa bilirlər. Bəzən insan səhv edir, bəzən etdiyi səhvə görə də intihara qədər gedib çıxa bilir. İlk əvvəllər heç birimiz bilmirik ki, bu səhvdir. Biz onun səhv olduğunu bilsək edərikmi? Xeyr. Amma hadisələri zamanın axışına buraxıb görürük ki, nələr baş verir, ətrafımız bizi qınamağa başlayır, etdiyimiz işin pis nəticəsin görürük, səhv olduğunu anlayırıq. O vaxta qədər biz bunun səhv olduğunu anlamırıq. Bu, bizim doğrumuzdur. Amma hər bir insan özünü səhvləri və doğruları ilə qəbul etməlidir. Özünü əgər səhvləri və doğruları ilə qəbul edərsə, o zaman onun psixologiyasında  problemlər yaşanmaz, gərginliklər olmaz, intihara cəhd etməz. Bəzi insanlar elə düşünür ki, intiharın kökündə maddi problemlər dayanır, lakin bu belə deyil. Kifayət qədər varlı insanlar, hətta biznesmenlər olub ki, onlar da intihar ediblər. Deməli, intiharın kökündə maddi sıxıntı yatmır. Amma nədənsə bəzi insanlar intiharın kökündə hər hansı bir maddi sıxıntını, işsizliyi və digər problemləri axtarmağa çalışır".

2. Belə bir fikir var ki, intihar edən insan intihar etdiyi anda peşman olur. Məsələn, özünü atdığı an, peşmanlıq hissini keçirir. Bu fikir nə dərəcədə düzgündür? Ya həqiqətən belədir mi? 

"Bəzən insan heç intihar etmək istəmir. Lakin bunu edəcəyinə dair ətrafı qorxutmağa cəhd edir. Əslində heç bir insan intihar etmək istəmir. Deyirlər insan özünü hündürdən yerə atanda havada artıq peşman olur. Məlum məsələdir ki, bəzi insanlar intihar edir, lakin ölmürlər və bundan sonra da peşman olduqlarını deyirlər. İntihar edən insan əslində son anda özünü qurtarmağa çalışır, amma artıq gec olur. Bəzi insanlar var ki, tez-tez intihar edəcəm deyir, lakin intihar etmir. Sadəcə onu göz önünə gətirərək ətrafında olan insanı, onun istəyini yerinə yetirməyən tərəfi şantaj etməyə çalışır. İntihar edən insan heç vaxt intihar barədə danışmır, heç vaxt özünü öldürmək barədə plan qurmur. Sadəcə anlıq olaraq insanın beyninə gəlir və insan hər şeyi sonlandırır. Və intihar edən insan intihar etməmişdən öncə öz ətrafına o mesajları ötürür, sadəcə yaxınları  mesajları anlamır, dərk etmir. İntihar edən insan adətən, "mən həyatımdan bezmişəm, artıq yaşamağın bir mənası yoxdur, heç bir arzum reallaşmır" kimi fikirlərə qapılır. Bundan əlavə, o, gələcəyi artıq düşünmür, planlamır, hər şeydən əlini üzür, motivasiyası çox aşağı olur. Tənhalığa meyillənir. Öz problemlərini yaxınları, dostları ilə paylaşmır. Davamlı olaraq çox həzin, onu ölümə təhrik edən musiqiləri dinləyir. Əslində bu bizə bir mesajdır, sadəcə biz onu başa düşmürük".

3. Son dövrdə görürük ki gənclər, sanki ölümdən qorxmurlar və onların arasında intihar məsələləri daha çox yayılıb. Bunun kökündə nə durur? Valideynlərə məsləhətiniz nədir? 

"Son dövrdə intihar hallarının sayı artıb. Əvvələr intihar halları daha az olurdu və intiharın yaşı indi çox gəncləşib. 10 il budan əvvəl eşitməzdik ki, 8-10 yaşında uşaq intihar edə. Mən uşaq deyirəm bunlara. Mən 11 yaşa qədər olan uşaqlara yeniyetmə deyə bilmirəm. Çünki, hələ o uşaqlıq dönəmindən çıxa bilməyib. Bir neçə il əvvələ qədər 19-27 yaş aralığı intihar edənlərin sayı daha çox idi, amma indi baxırıq ki, 13-14, hətta 16 yaşında gənclər daha çox intihar edir. Bəzən insanları intihara biz özümüz təhrik edirik. Valideynlər istəyirlər ki, övladları universitetə qəbul olsun. Bəzən övladı universitetə qəbul olmayanda uşaq özünü cəmiyyətə və ailəsinə lazımsız bilib intihar edir. Demək biz övladlarımızı buna məcbur etməli deyilik. Bu həyati məsələ olmalı deyil. Övladımıza daha çox dəstək olmalıyıq. Onu ancaq maddi təlabatını deyil, həmçinin mənəvi tələbatını da ödəməliyik. Onunla dost olmalıyıq, problemlərini dinləməliyik, baxmalıyıq ki, onu nə narahat edir. Diqqəti, marağı nəyədir. İntiharın kökündə motivasiyanın azlığı durur. İnsanın yetərincə motivasiyası olsa, həyat eşqi olsa, hansısa bir çətinliyə düşsə belə, o yenə də intihar etməz.

Valideyinlərə nə məsləhət görürəm? Övladları ilə dost olmağı, övladlarının hər çətinliyində, hər səhvində, doğrusunda yanında olmağı. Bəzən valideynlər ancaq övladının uğurunda yanında olur, uğursuzluğunda isə yanında olmur. Bu sizin övladınızdı, siz heçmi səhv etmədiniz? Məsələn, qızlar hər hansı oğlan tərəfindən aldadılır və intihar edir. Niyə valideyn olaraq övladımızı dinləmirik, niyə bu səhvi etdiyində öz günahımızı, öz payımızı götürmürük ki, mən övladıma nə vermədim ki, o sevgi axtarışına çıxdı və belə bir səhv etdi. Biz o səhvi özümüzdə də axtarmalıyıq. Elə hallar olur ki, ailəmiz etdiyiniz səhvlə bizi qəbul edir, amma cəmiyyət o problemlə qəbul etmir. Bu da özgüvəni aşağı olan insanlarda problem yaradır və təəssüf ki, bəzi hallarda sonda intiharla nəticələnir. Odur ki, hər bir valideyn öz övladında özgüvən yaratmalı, onu qorumalıyıq. Sizə bir haşiyə çıxım. Məsələn, bir balaca qızcığaz olur. Toppuş olur, onu biz ailə olaraq sevirik. Amma, cəmiyyət onu obez olaraq, kilolu olaraq geri itələməyə çalışır və bu uşaqda özgüvən əksikliyini cəmiyyət, onun sinif yoldaşları yaradır. Sonda nə nəticə olur? Sonda o uşaq depressiyaya düşür, sonu da intihara qədər gedib çıxa bilir".

4. Son dövrlərdə intiharların artmasının səbəblərindən biri kimi texnologiyanın inkişafını və ya sosial şəbəkəlri misal göstərə bilərik mi?

"Mən bu gün intiharın sayının artmasını birinci nə ilə əlaqəli görürəm? Məsələn, mənim telefonum universitetin 2-ci kursunda olub. Amma, indi uşaqların 6-7 yaşı var, hərəsinin öz telefonu var. Və telefonda bütün sosial şəbəkələr var, sosial şəbəkələrdə də bütün xəbərləri paylaşırlar, müxtəlif tip xəbərlər yayırlar. Niyə yayırlar? Məsələ nədir? Onlar reytinq yığmaq istəyir, önə çıxmaq istəyir, pul qazanmaq istəyir. Bütün bunlar yayıldıqca, insanlar da bunu gördükcə düşünürlər ki, intihar adi haldı və ailəmiz bizim dediyimizlə razılaşmırsa, biz onları cəzalandırmaq üçün intihar etməliyik. Və yaxud da başqa bir yönə gəlim çıxım. İnsanlar bəzən belə düşünür ki, bir uğursuzluğumuz olursa, bu uğursuzluğumuz üzərindən bizi çox qınıyırlarsa, intihar etməliyik. Və sosial şəbəkələr davamlı olaraq bunları paylaşdıqca, insan beynində belə bir şey var ki, paylaşılan hər bir şeyi, bəzən doğru qəbul edir. Bəzən rəylərə baxıram, biri birini öldürür. İnsanlar da bu paylaşıma fikirlərini yazırlar, "düz edib", "yaxşı edib", "haqqıdır", "o öldürülməli idi". Yəni, bu fikirləri bu insanlar yaza bilməz. Sən o ailəni tanımadan, bilmədən sən ona haqq verə bilməzsən. İnsanlar düşünür ki, biri bunu edibsə, deməli, bunu etmək olar".

5. Sizcə, məktəblərdə, təhsil müəssisələrində belə hadisələrin qarşısını almaq üçün, müəyyən psixoloji söhbətlər və s. olmalıdırmı?

"Məktəblərdə psixoloqlar var. Əslində heç kimə qarşı çıxmaq istəmirəm. Amma dövlət bu psixoloqlara müəyyən qədər maaş verir və bu heç də az maaş deyil. Bəzi özəl mərkəzlərdə psixoloqlar çox az maaşa işləyirlər. Amma niyə dövlətin verdiyi bu maaşla psixoloqlar öz işlərinin öhdəsindən gəlmirlər? Psixoloqlar məktəbdə niyə davamiyyət yoxlayır? Niyə kuryer kimi uşaqları hansısa tədbirlərə aparır, gətirir? Niyə komputerdə oturub "teams" proqramı yazır? Niyə psixoloq bunu edir? Niyə təhsil nazirliyi bununla bağlı bir ölçü götürmür? Bu sistemdə bir problem var. Sistemdə bir problem olmasa direktor bu işləri psixoloqlara elətdirə bilməz və psixoloq da bilər ki mənim işim nədir. Psixoloqlar məktəbdə, bir gün izah etməlidirlər ki "Narkomaniya nədir?", bir gün "Alkoqolizmi" izzah etməlidir, bir gün "Valideyn və övlad münasibətlərini" izzah etməlidir, bir gün "intihar" mövzusunu izah etməlidir. İntiharın nə qədər boş və mənasız, böyük bir səhv olduğunu, yanlış addım olduğunu şagirdlərə izah etməlidirlər. Məktəblərdə bu səhvlər olduğu və davam etdiyi halda, intihar hallarıda çoxalacaq. Eyni zamanda gənclər üçün motivasiya proqramlarıda olmalıdır. Hər bir gənc həyatı dərk etməlidir. Hansı məqsədlər uğrunda çalışdığını, hansı layihələri həyata keçirməli olduğunu bilməlidir. Yəni budur önəmli olan".

6. Öz içinə qapanıq olanlar insanlar, intihara daha meyilli olur? 

"Öz içinə qapanıq olan insanlar, öz dərdini paylaşmayan insanlar, öz problemini gözündə daha çox böyüdən insanlar, qüsursuzluq axtaran, mükəmməliyyətçi insanlar daha çox intihara meyilli olurlar. Hər şey həyatda mükəmməl ola bilməz, hər şey həyatda bizim istədiyimiz kimi ola bilməz. Bəzən elə şeylər görürəm ki, məsələn, insan paltar almağa gedir. Bu paltarı sanki beynində yaradıb. Sonda bu paltarı tapmadığı zaman, onun əhvalı pozulur, depressiyaya düşür. Niyə? Bu paltar sənin üçün bu qədərmi əhəmmiyətlidir? Olmayacaq, daha fərqlisini, daha gözəlini tapacaqsan. Bir paltar üçün belə insanlar depressiyaya düşür. Birindən ayrılırlar, bunu sanki dünyanın sonu kimi başa düşür gənclər. İndiki gənclər həyatı ağ və qara kimi görürlər. Onlar bəzən elə insanları sevirlər ki, münasibətləri uğursuz olduğu zaman düşünürlər ki, bu münasibət alınmadısa, artıq intihar etməliyəm. Xeyr, daha gözəl qapılar açılacaq üzünüzə. Bəzən bir qapı örtülür, insanlar həmin o örtülən qapıya o qədər baxır ki, digər açılan qapını görmür artıq. Amma, insan açılan o yeni qapıya baxmalıdır, baxmalıdır ki, o yeni qapıda nə var, nə olacaq. Mən düşünürəm ki, bu gün intiharlar sevgi və xəyanət motivlidir. Valideyn övladını o qədər çox sevməldir ki, uşaq düşünməlidir ki, məni atamdan, anamdan, ailəmdən çox sevən olmaz. Bu gün əgər biz kiminsə sevgisinə möhtac olub, o bizi atanda, dəyişəndə özümüzü öldürürüksə, deməli, biz ailəmizdən yetərli qədər sevgi almamışıq. Ona görə də sevgi dilənçisi oluruq, belə haldada bu yol intihara qədər gedib çıxa bilir. Biz bəzən valideyn olaraq övladımızın bütün maddi tələbatını ödəyirik, telefon alırıq, bahalı paltarlar alırıq, bahalı restoranlara aparırıq, xaricdə ən gözəl istirahət yerlərinə aparırıq. Amma "mən səni sevirəm" sözünü demirik. Sözlə ötürün sevgini, sevgini dəri ilə ötürün, ona toxunaraq, ona hiss etdirərək o sözləri deyin ki, o sevgini alsın, qəbul etsin, ruhu sevinsin o sevgi ilə və o düşünməsin ki, həyatımda ki başqa insan, mənə atam, anam qədər sevgi verə bilər".

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu