Azərbaycanda fevralın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulsa da, əsasən yağmursuz keçəcək. Gecə saatlarında bəzi ərazilərdə zəif çiskin ehtimal olunur. Cənub-qərb küləyi gündüz saatlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 4–6 dərəcə isti, gündüz isə 8–11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 764 mm civə sütunundan 754 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 70–80 faiz olacağı bildirilir.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə edilə bilər. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 0–5 dərəcə isti, gündüz 8–13 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 1–6 dərəcə şaxta, gündüz 4–9 dərəcə isti olacağı gözlənilir.