Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.
"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 il sonra - üç il əvvəl icra olundu. Lakin, təəssüf ki, BMT bu qətnamələrin həyata keçirilməsində heç bir rol oynamadı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə tam bərpa etdi", - dövlət başçısı bildirib.
İlham Əliyev BMT Təhlükəsizlik Şurası qətnamələrinin qısa müddətdə icrasını təmin edəcək müvafiq mexanizmlərin işlənib hazırlanmasının zəruriliyini vurğulayıb.
"Əgər həyata keçirilərsə, BMT-nin nüfuzu yüksələcək və Təşkilatın münaqişələrin nizamlanmasında rolu güclənəcək", - Azərbaycan Prezidenti qeyd edib.