Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Patent almaq asanlaşdı: MM-dən mühüm qərar

4 dəq
Paylaş:
Patent almaq asanlaşdı: MM-dən mühüm qərar

"Patent haqqında" qanuna edilən çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, parlamentin bugünkü plenar iclasında qəbul edilən sənəd, təcrübəyə əsaslanan yeni anlayışları və prosedurların sadələşdirilməsini nəzərdə tutur.

Patent almaq asanlaşır: Ekspertiza müddəti azalacaq

Qəbul edilən sənədə əsasən, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı və ekspertizası üzrə prosedurlar əhəmiyyətli dərəcədə asanlaşacaq. Ən vacib yeniliklərdən biri ekspertiza müddətinin qısaldılmasıdır; hazırda bu müddət 12 ay təşkil edir.

Dəyişikliklər patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılmasını və prosesin sürətləndirilməsini hədəfləyir.

Xarici vətəndaşlar üçün birbaşa müraciət imkanı

Yeniliklərdən biri də xarici iddiaçıların ixtiraların patentləşdirilməsi üçün birbaşa Azərbaycanın milli patent ofisinə müraciət edə bilməsidir. Hazırkı qanunvericiliyə görə, xarici hüquqi və fiziki şəxslər patent almaq üçün bütün yazışma və prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirmək məcburiyyətindədirlər.

Bu məhdudiyyət əlavə vaxt və vəsait itkisinə səbəb olmaqla yanaşı, patent daxilolmalarının həcmini və xarici vətəndaşların ixtira fəallığını azaldırdı. Yeni qanun layihəsi bu texniki çətinlikləri aradan qaldıraraq, ölkənin patent göstəriciləri üzrə reytinqinin yüksəlməsinə xidmət edəcək.

İxtiraçılara şad xəbər: Gəlirin 50 faizi qonorar kimi ödəniləcək

Sənəddə işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəlliflər üçün ədalətli sistemi formalaşdırılıb. Yeni qaydalara əsasən, ixtiranın müəllifi patentdən gəlir əldə edilən tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcək.

Bu dəyişiklik sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılmasını, həmçinin əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sahələrin təkmilləşdirilməsini özündə ehtiva edir.

Yeniliklər nələri vəd edir?

Qəbul edilən qanun layihəsi aşağıdakı müsbət nəticələri vəd edir:

  • Ölkədə ixtira və patent fəallığı yüksələcək;
  • Patent prosedurları sadələşəcək və ekspertiza nəzərəçarpacaq dərəcədə azalacaq;
  • Müəlliflərin qonorar məbləği artacaq ki, bu da onların sosial-maddi vəziyyətini yaxşılaşdıracaq və sənayedə tətbiq olunan ixtiraların sayını artıracaq;
  • Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinq göstəriciləri yaxşılaşacaq;
  • Əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax