ABŞ Müdafiə Nazirliyi (“Pentaqon”) İranla davam edən gərginlik fonunda hərbi itkilərlə bağlı məlumat bazasını yeniləyib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Müdafiə Zayiat Analiz Sisteminin (DCAS) son məlumatlarına əsasən, fevralın 28-dən başlayan proseslər zamanı 18 ABŞ hərbçisi həlak olub, 757 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Son yeniləmədə siyahıya 50-dən çox yeni yaralı əlavə edilib.
Qeyd edək ki, ötən ay Pentaqon itkilərin daha dəqiq izlənilməsi məqsədilə “Dənizaşırı Əməliyyatlar” adlı yeni kateqoriya yaradıb. Bu addım ABŞ administrasiyasının İranla qarşıdurmanın yeni mərhələsinə keçildiyini Konqresə bildirdiyi tarixlə üst-üstə düşüb.
Pentaqon rəsmiləri daha əvvəl sistemdən silinmiş 4 ölüm və onlarla yaralanma faktının texniki nasazlıq səbəbindən baş verdiyini, məlumatların isə hazırda bərpa edildiyini bildiriblər.
ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı danışıqların dalana dirənməsinə və Hürmüz Boğazında gərginliyin davam etməsinə baxmayaraq, prosesin “çox yaxşı” irəlilədiyini açıqlayıb.
Xatırladaq ki, Pentaqonun itkilərlə bağlı məlumat bazasında qeydə alınan uyğunsuzluqlar daha əvvəl ciddi ictimai tənqidlərə səbəb olub.