Argentinalı tanınmış hücumçu Paulo Dibala cari mövsüm başa çatdıqdan sonra "Roma" klubundan ayrılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli futbolçunun karyerasını harada davam etdirəcəyi artıq bəlli olub.
"ESPN" nəşrinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, 32 yaşlı oyunçu vətəninə qayıtmağa qərar verib.
O, artıq Argentina təmsilçisi "Boka Xuniors" ilə ilkin razılıq əldə edib. Ulduz futbolçunun yeni komandasına azad agent statusunda, tamamilə pulsuz keçəcəyi vurğulanır.
Bu mövsüm Dibala paytaxt təmsilçisinin heyətində 23 rəsmi matçda meydana çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, cənubi amerikalı hücumçu 2012-ci ilin yayından etibarən İtaliyada çıxış edir. Bu illər ərzində o, "Palermo", "Yuventus" və "Roma" kimi tanınmış klubların formasını geyinib.