Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ixrac məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmaması halında Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcəyi ilə bağlı narahatlığını ifadə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paşinyan bildirib ki, Rusiya tərəfindən Ermənistandan idxal olunan bəzi məhsullara tətbiq edilən məhdudiyyətlər tezliklə həll olunmasa, bu vəziyyət Aİİ üçün ciddi nəticələr doğura bilər.
Məlumata görə, Rusiya ilin əvvəlindən etibarən Ermənistandan gətirilən balıq, gül, meyvə-tərəvəz və digər məhsullara müxtəlif qadağalar tətbiq edib.
Paşinyan qeyd edib ki, yaranmış problem yalnız Ermənistanla məhdudlaşmır və bütövlükdə ittifaqın fəaliyyətinə mənfi təsir göstərir. Onun sözlərinə görə, mövcud vəziyyət Aİİ-nin yaranmış çətinlikləri həll etmək imkanlarının məhdud olduğunu göstərir.
Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ticarət məhdudiyyətlərinin iki ölkə arasında mövcud razılaşmalara və Aİİ qaydalarına zidd olduğunu bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistanın alternativ yollar axtarmaq hüququ var və ölkə bu istiqamətdə öz kursunu davam etdirəcək.
Ermənistanın Avropa İttifaqına yaxınlaşma ehtimalına da toxunan Baş nazir bildirib ki, bunun üçün ilk növbədə rəsmi müraciət proseduru həyata keçirilməlidir.
Qeyd edək ki, Moskva rəsmi İrəvanı Aİ ilə inteqrasiya siyasətini davam etdirəcəyi halda Aİİ-dən kənarlaşdırıla biləcəyi ilə bağlı xəbərdar edib. Ermənistanın enerji və ticarət sahəsində Rusiyadan asılılığı isə yüksək olaraq qalır.