Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Azərbaycanın TDT-də davam edən sədrliyinə tam dəstək ifadə edərək, ölkəmizin birliyin və institusional potensialın gücləndirilməsinə, eləcə də əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentinin ikinci görüşünün sonunda qəbul edilmiş birgə bəyanatda deyilir.
"TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidenti 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlayıblar. Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə edilib və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndiriblər", - deyə bəyanatda bildirilib.
Görüş iştirakçıları Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləyiblər. Həmçinin, TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığı xüsusi vurğulanıb.