Nepal və Tibet bölgələrində ötən həftə baş verən güclü sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb, təxminən 4400 nəfər isə itkin düşüb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə insanın taleyi hələ də naməlum olaraq qalır. Xilasetmə qrupları yolların və körpülərin dağıldığı, xarici aləmlə əlaqəsi kəsilən ərazilərə çataraq sağ qalanların xilas edilməsi üçün işlərini davam etdirirlər.
Fəlakətin miqyabının böyük olması səbəbindən bəzi cəsədlər morqlarda yer çatışmazlığı və çürümə təhlükəsi ilə əlaqədar təcili şəkildə dəfn edilib. Nepal polisi isə şəxsiyyəti müəyyən edilməyən şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün genişmiqyaslı DNA identifikasiya prosesinə başlayıb.
Hüquq-mühafizə orqanları itkin düşənlərin yaxınlarından DNA nümunələri təqdim etmələrini istəyib. Polis tərəfindən verilən məlumata görə, ailə üzvləri təzə qan nümunələri və iki fotoşəkillə birlikdə Katmandudakı “Nepal Polis Xəstəxanası”nın patologiya laboratoriyasına və ya ən yaxın polis bölməsinə müraciət etməlidirlər.
Xaricdə yaşayan vətəndaşların yaxınlarına isə səlahiyyətli laboratoriyalarda DNA profili hazırlatmaq və onun rəqəmsal surətini Nepal polisinə göndərmək tövsiyə olunub.
İtkin düşənlər arasında 592 xarici vətəndaşın da olduğu bildirilir. Onların sırasında Hindistan, ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada vətəndaşları, eləcə də bölgəyə alpinizm və yürüş məqsədilə gələn turistlər və Tibetdəki “Kailash Dağı”na ziyarətə gedən hindu zəvvarlar yer alır.
Katmandudakı xəstəxanalardan birinin qarşısında həlak olan şəxslərin fotoşəkilləri də identifikasiya məqsədilə nümayiş etdirilir.
Qeyd edək ki, fəlakətin Çin sərhədi yaxınlığında buzlağın çökməsi nəticəsində başladığı bildirilir. Buz, qaya və palçıq kütlələrinin qarışığından ibarət sel axını geniş ərazilərə yayılaraq ciddi dağıntılara səbəb olub.