Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətlərindən verilən məlumata görə, qurumların birgə keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Hadisə mayın 23-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti sahəsində baş verib. Aparılan kompleks əməliyyat-qoşun tədbirləri zamanı İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməyə cəhd göstərilən aşağıdakı vasitələr aşkarlanaraq götürülüb:
- Ümumi çəkisi 38 kiloqram 130 qram olan narkotik vasitə;
- 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbi.
Faktla bağlı hazırda zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.