Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qurumlar özlərinin “X” sosial şəbəkəsindəki rəsmi hesablarında müvafiq paylaşımlar ediblər.
Misir Xarici İşlər Nazirliyi Azərbaycan hökuməti və xalqına səmimi təbriklərini çatdıraraq, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Yunanıstan XİN öz növbəsində Azərbaycanı milli bayram münasibətilə təbrik edərək, “Müstəqillik Gününüz mübarək, Azərbaycan!” ifadəsini paylaşıb. İordaniya Xarici İşlər Nazirliyi də Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik etdiyini bəyan edib.
Ukrayna XİN isə Azərbaycanı “etibarlı dost və strateji tərəfdaş” kimi xarakterizə edib. Nazirliyin bəyanatında deyilir:
- Azərbaycanın Ukraynaya göstərdiyi dəstək, həmrəylik və humanitar yardımlar yüksək qiymətləndirilir.
- İkitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın müsbət dinamikasının davam etməsi arzulanır.