Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılmış, xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin məlumatına görə, belə elanlara aldanan şəxslər xarici ölkələrə səfər etdikdə sənədləri ələ keçirilir, məcburi əməyə və cinsi istismara məruz qalır, nəticədə insan alverinin qurbanına çevrilirlər.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, DİN bildirir ki, ilk baxışda cəlbedici görünən “yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi” kimi təkliflərin arxasında saxta elanlar durur. Bu hallardan qorunmaq üçün vətəndaşlara bir sıra tədbirlər tövsiyə olunur:
Xaricdə yüksək maaşlı iş və ya təhsil təklifi aldıqda, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin "152" Qaynar Xətti ilə əlaqə saxlayaraq konfidensial və ödənişsiz məsləhət almaq.
Getmək istədiyiniz ölkədə Azərbaycan Respublikasının akkreditasiya olunmuş diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini yoxlamaq.
İş və ya təhsil təklif edən şirkət və ya fiziki şəxsdən lisenziya və xüsusi icazə tələb etmək.
Əmək müqaviləsinin surətini tələb etmək və müqaviləni imzalamadan əvvəl diqqətlə araşdırmaq.
Nazirlik həmçinin xəbərdarlıq edir ki, ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmaq vacibdir. Şəxsiyyət vəsiqəsi və digər sənədləri heç kimə etibar etməmək, əmək fəaliyyəti zamanı rəsmi müqavilə bağlamaq və hər hansı qanunazidd hərəkətə rast gəldikdə dərhal yerli polis orqanlarına, həmçinin həmin ölkədəki Azərbaycan diplomatik nümayəndəliyinə və Konsulluğa müraciət etmək tövsiyə olunur.