Avropa İttifaqının Ermənistandakı seçki prosesinə təsir göstərməyə çalışdığı iddia edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı danışıb.
O bildirib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamaları seçki prosesinə dair müəyyən siyasi yanaşmaları əks etdirir.
Kallas daha əvvəl Ermənistan xalqının Rusiyanın guya güclü təzyiqinə baxmayaraq “Avropa gələcəyini seçdiyini” və ölkədə islahatlara dəstək verməyə hazır olduqlarını bildirmişdi.
Zaxarovanın sözlərinə görə, Avropa İttifaqı seçki dövründə fəal şəkildə iştirak edərək prosesə təsir göstərməyə cəhd edib.
“Gündəliyə diqqət yetirən hər kəs Aİ-nin seçki dövrünü əl ilə idarə etməyə çalışdığını görə bilərdi. Buraya müxtəlif siyasi missiyalar, səfərlər və maliyyə dəstəyi ilə bağlı çağırışlar daxildir”, – deyə o bildirib.
Rusiya XİN sözçüsü iddia edib ki, Brüssel demokratiya və suverenlik prinsiplərini siyasi məqsədlər üçün ikinci plana keçirib və seçkiləri geosiyasi seçim kimi təqdim etməyə çalışıb.
Zaxarovanın sözlərinə görə, bu yanaşma Ermənistan cəmiyyətində bölünməyə səbəb ola bilər və regionda Rusiya ilə mövcud əlaqələrin zəiflədilməsinə yönəlib.
O həmçinin vurğulayıb ki, Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi namizəd statusu olmasa da, Brüssel ölkənin “Avropa gələcəyi” barədə açıqlamalar verməyə davam edir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib.