İngiltərənin "Tottenhem" klubu PSJ-dən icarə əsasında komandaya qoşulan fransalı hücumçu Randal Kolo Muani ilə bağlı qəti qərarını verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, London təmsilçisi mövsümün sonunda icarə müqaviləsi başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək niyyətində deyil.
5 dekabr 1998-ci il təvəllüdlü (27 yaş) Kolo Muani, 2025-ci il sentyabrın 1-də PSJ-dən "Tottenhem"ə bir mövsümlük icarəyə verilib. Bu keçid üçün London klubunun təxminən 5 milyon avro icarə haqqı ödədiyi bildirilirdi. Müqavilədə futbolçunun birdəfəlik transfer olunması ilə bağlı hər hansı məcburi bənd nəzərdə tutulmayıb.
Fransalı forvardın "Tottenhem"dəki performansı gözləntiləri tam doğrultmayıb. O, cari mövsümdə London klubunun heyətində bütün turnirlərdə iştirak etdiyi 26 oyunda cəmi 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu statistika, onun əvvəlki nailiyyətləri fonunda daha zəif təsir bağışlayır.
"Tottenhem" yüksək transfer məbləği tələb olunacaq Kolo Muaninin müqaviləsini daimi etməmək qərarına gəlib. Futbolçu 31 may 2026-cı ildə icarə müddəti bitdikdən sonra PSJ-yə geri dönəcək.