“Real Madrid”in sabiq məşqçisi Xabi Alonso Fransa təmsilçisi “Olimpik Marsel”dən gələn təklifə "yox" deyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, Roberto De Zerbinin istefasından sonra baş məşqçi axtarışlarını sürətləndirən Marsel klubu, ispan mütəxəssisi razı sala bilməyib.
"RMC" nəşrinin yaydığı məlumata görə, Alonsonun bu təklifi geri çevirməsində əsas amil klubun institusional vəziyyəti olub. Təcrübəli mütəxəssis "Marsel"də hökm sürən daxili qeyri-sabitliyi və idarəçilikdəki problemləri karyerası üçün riskli hesab edib. Bu səbəbdən o, Fransa Liqasında debüt etmək fürsətindən imtina edib.
Son dövrlərdə Xabi Alonsonun adı Avropanın bir neçə nəhəng klubu ilə hallanırdı. Onun xidmətində maraqlı olduğu iddia edilən klublar arasında bunlar “Bayer Leverkuzen”, “Liverpul”, "Tottenhem" və "Ayntraxt Frankfurt" var.
Lakin xəbərdə qeyd olunur ki, bu klubların heç biri hələlik Alonso ilə müqavilə imzalamaq üçün rəsmi və qəti addım atmayıb. "Real Madrid"dəki vəzifəsindən ayrıldıqdan sonra işsiz olan mütəxəssis hələ də uyğun layihə gözləməkdədir.
Hazırda sərbəst olan məşqçinin hansı komandaya rəhbərlik edəcəyi futbol ictimaiyyəti üçün maraq doğurur. "Marsel" variantının bağlanması ilə gözlər yenidən Almaniya və İngiltərə klublarına çevrilib.