22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan və NATO arasındakı əməkdaşlığın cari vəziyyəti, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşdə qeyd olunub ki, Azərbaycan-NATO əməkdaşlığı regional təhlükəsizliyə müsbət töhfə verir. Tərəflər minasızlaşdırma, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Xüsusilə Azərbaycanın NATO-nun sülhə dəstək əməliyyatlarında iştirakı, Əfqanıstandakı proseslərə dəstəyi, müdafiə sahəsində islahatlar və adaptasiya tədbirləri yüksək qiymətləndirilib. Ötən ilin noyabrında NATO üzv ölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın Azərbaycana səfəri də məmnunluqla xatırlanıb.
Görüş zamanı həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunması istiqamətində diplomatik səylər, etimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammitində əldə olunan razılaşmalar və regional nəqliyyat layihələri barədə məlumatlar müzakirə olunub.
Tərəflər həmçinin ikitərəfli və regional maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.