Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Telefon danışığı zamanı əsas müzakirə mövzusu Naxçıvana İran tərəfindən edilən dron hücumları və bundan irəli gələn məsələlər olub.
Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Vurğulanıb ki, bu addım regionda gərginliyin artmasına xidmət edir. Hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində izahat verilməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu qeyd edib. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.