İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Hörmüz boğazı” ilə bağlı sərt xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Bəqayi həftəlik mətbuat konfransında ABŞ-nin siyasətini və dəniz blokadasını davam etdirməsi halında boğazın artıq təhlükəsiz keçid marşrutu olmayacağını bildirib.
Məlumata görə, İran rəsmisi dəniz blokadasının aradan qaldırılması və ABŞ-nin hücumlarının qarşısının alınması üçün diplomatik vasitələrlə yanaşı, hərbi variantların da gündəmdə olduğunu deyib.
Bəqayi Tehranla Vaşinqton arasında hazırda birbaşa danışıqlar aparılmadığını, lakin vasitəçi ölkələr üzərindən mesaj mübadiləsinin davam etdiyini açıqlayıb.
O, Omanla aparılan danışıqların konstruktiv və müsbət istiqamətdə davam etdiyini bildirib. Sözçünün sözlərinə görə, hazırda “Hörmüz boğazı”ndan keçən gəmilərdən rüsum alınması məsələsi müzakirə olunmur.
Qeyd edək ki, Bəqayi İsrail və ABŞ tərəfindən törədildiyini iddia etdiyi müharibə cinayətləri ilə bağlı da açıqlama verib. O, Lamerd bölgəsində fosfor bombalarından istifadə edildiyi barədə məlumatların beynəlxalq qurumlara təqdim olunduğunu bildirib.
Bundan əlavə, Pakistanın İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçini ölkəyə dəvət etdiyi açıqlanıb. Səfərin münasib şərait yarandıqdan sonra baş tutacağı bildirilib.