İranın yüksək rütbəli rəsmiləri "AnewZ" telekanalına verdikləri eksklüziv müsahibədə Azərbaycan da daxil olmaqla, qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin vacibliyini önə çıxarıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İnternet kəsintiləri səbəbindən yayımlanması gecikən bu müsahibələrdə regional təhlükəsizlik və kənar müdaxilələrin qarşısının alınması əsas mövzu olub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai qonşu ölkələri Yaxın Şərqdəki münaqişələrə cəlb olunmamaq üçün "maksimum diqqətli" olmağa çağırıb. O, Tehran və region ölkələrinin münasibətləri kənar qüvvələrin "bədniyyətli müdaxilələrindən" qorumaq üçün birgə tədbirlər görməli olduğunu bildirib.
Baqai həmçinin qeyd edib ki, martın əvvəlində Naxçıvanda baş vermiş dron hücumundan sonra İran Prezidenti Məsud Pezeşkian və Azərbaycan Prezidenti İlham Əliyev arasında konstruktiv danışıqlar aparılıb.
Digər bir müsahibədə İranın Mədəni İrs naziri Reza Salehi Amiri iki ölkə arasındakı dərin tarixi bağlara toxunub:
"İran və Azərbaycan ortaq sivilizasiya irsini, o cümlədən Novruz bayramını paylaşır. Xalqlarımızla yanaşı, liderlərimiz Məsud Pezeşkian və İlham Əliyev ikitərəfli əlaqələri regional səviyyədə möhkəmləndiriblər".
Salehi Amiri həmçinin Azərbaycan Prezidentinə İranın ali rəhbərliyindəki dəyişikliklərlə bağlı göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.