İran və Oman Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin artırılması məqsədilə yeni danışıqlar aparır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tərəflər boğazda mövcud olan çoxsaylı marşrutların əvəzinə, vahid və ikitərəfli hərəkəti təmin edəcək müvəqqəti gəmiçilik dəhlizinin yaradılması imkanlarını nəzərdən keçirirlər.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqainin sözlərinə görə, təşəbbüs regionda dəniz nəqliyyatının daha səmərəli idarə olunmasına xidmət edəcək. Bildirilir ki, hazırda boğazdan keçən gəmilər üçün bir neçə ayrı hərəkət zolağından istifadə olunur ki, bu da bəzi hallarda idarəetmədə çətinliklər yaradır.
Qeyd olunub ki, təklif edilən yeni sistem gəmi axınının vahid dəhlizdə cəmləşdirilməsini, bununla da hərəkətin daha təhlükəsiz və nəzarətli şəkildə təşkil olunmasını nəzərdə tutur.
Ekspertlərin fikrincə, Tehran və Maskat arasında aparılan bu müzakirələr regionda gərginliyin davam etdiyi bir dövrdə dəniz təhlükəsizliyi sahəsində mühüm əməkdaşlıq nümunəsi ola bilər. Tərəflərin yaxın vaxtlarda texniki detallar və danışıqların nəticələri ilə bağlı əlavə məlumat verməsi gözlənilir.