Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları son oxunuşda qəbul edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən mühüm dəyişikliklər parlamentdə müzakirə olunub.
İnvestisiyaların dövlət tərəfindən alınmasının mövcud əsasları
İclasda diqqətə çatdırılıb ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla alına bilər: dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə.
Müəllimlər üçün yeni imtahan qaydası
Rekvizisiya hallarına təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün atılan addımlar daxildir.
Hər iki halda investisiyanın dəyəri qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq, investora kompensasiya ödənişinin edilməsi yolu ilə ödənilir.
Milli maraqlar və strateji investisiyalar: Yeni qaydalar nəyi dəyişir?
Məlumat verilib ki, təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu yenilik strateji əhəmiyyətə malik investisiyalara münasibətdə tətbiq ediləcək.
Dəyişiklik, Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya ölkənin milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədi daşıyır.
Kompensasiya mexanizmi və hüquqi əsaslar
Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada həyata keçiriləcək.
Yəni, investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara mütləq qaydada kompensasiya ödəniləcək.
Həmçinin, qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması yalnız Azərbaycan qanunları ilə tənzimlənəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.