Ermənistan öz yüklərinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya tranziti üçün rəsmi müraciət edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq Rusiya və Qazaxıstandan gələn yüklərin öz ərazisi vasitəsilə daşınması üçün imkanlar yaradıb.
Hazırda bu yüklər Ermənistana Gürcüstan üzərindən daxil olsa da, Bakı və İrəvanın birbaşa yük mübadiləsinə başlayacağı gün uzaqda deyil.
Prezidentin sözlərinə görə, rəsmi Bakı birtərəfli qaydada öz ərazisini Ermənistana gedən yüklər üçün açıq elan edib.
İlham Əliyev bu proseslərin uğurlu nəticələnməsi üçün diplomatik əlaqələrin əhəmiyyətini vurğulayıb.
Eyni sessiyada çıxış edən Ermənistan prezidenti Vahaqn Xaçaturyan isə dəyişən dünyada Cənubi Qafqazın və Orta Dəhlizin rolunun artdığını bildirib.
O, yeni marşrutların təkcə nəqliyyat deyil, həm də enerji resursları və internet rabitəsi üçün alternativ imkanlar yaradacağını qeyd edib.