Prezident İlham Əliyev oktyabrın 31-də Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan və Albaniya prezidentlərinin qarşılıqlı səfərlərinin və Albaniyanın Baş nazirinin ölkəyə səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirib.
Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün bunların ölkələr arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini deyib.
Ölkələrin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirib.
Səfir Albaniyanın Baş naziri Edi Ramanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.
Besart Kadia Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnunluğunu bildirərək, ölkələr və xalqlar arasında dostluğun və mədəni əlaqələrin önəminə toxunub.
Diplomat Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
COP29 tədbirinin əhəmiyyətini vurğulayan səfir bu cür genişmiqyaslı tədbirlə bağlı Azərbaycanda həyata keçirilən hazırlıq işlərinin dərin təəssürat hissi yaratdığını deyib.
Söhbət zamanı iqtisadi əməkdaşlığın enerji, nəqliyyat, ticarət, turizm və digər sahələri əhatə etməsindən məmnunluq ifadə olunub, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlıq bildirilib.
***
Prezident İlham Əliyev oktyabrın 31-də Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.