Macarıstan hökuməti quraqlıq təhlükəsi ilə üzləşən "Hortobágy" Milli Parkındakı bataqlıqların qorunması üçün genişmiqyaslı tədbirlər həyata keçirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "UNESCO"nun Ümumdünya İrs Siyahısına daxil olan parkın ən böyük bataqlıq sahəsi olan "Fekete-rét" ərazisinə "Nyugati" suvarma kanalı vasitəsilə təxminən iki milyon kubmetr su ötürülür.
Milli Park Direktorluğunun regional meneceri Lajos Gál bildirib ki, yaz aylarında müşahidə olunan kəskin quraqlıq səbəbindən ərazi ciddi su çatışmazlığı ilə üzləşib. Onun sözlərinə görə, bu tədbir görülməsəydi, bataqlığın tamamilə quruması qaçılmaz olacaqdı.
Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişikliyi və yağıntıların azalması bataqlıqların sahəsini kiçildir, eyni zamanda köçəri quşların miqrasiya vərdişlərinə də təsir göstərir.
Ekoloqlar isə bildirirlər ki, fövqəladə su təchizatı müvəqqəti həll yoludur və su ehtiyatlarının qorunması üçün uzunmüddətli tədbirlərin görülməsi zəruridir.