Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) işıqlandıran media nümayəndələri ilə görüşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, H.Hacıyev jurnalistlərin forum çərçivəsindəki operativ və zəhmətli fəaliyyətini xüsusi vurğulayıb.
O, media işçilərinin erkən saatlardan axşama qədər davam edən gərgin iş qrafikini və hazırladıqları operativ reportajları yüksək qiymətləndirdiyini bildirib: “Çox ağır və zəhmətli bir iş idi. Hər gün erkən saatlardan axşama qədər aktiv fəaliyyət göstərirdiniz. Bundan sonra şəhər çərçivəsində də fəaliyyət göstərərək reportajları operativ şəkildə təqdim edirdiniz. Bunların hamısını biz də oxuyurduq, gözləyirdik”.
Hikmət Hacıyev jurnalistlərlə yanaşı, səhnə arxasında qalan operator və fotoqrafların da əməyini qeyd edərək, onlara təşəkkürünü çatdırıb. Prezidentin köməkçisi həmçinin media sahəsində yeni simaların artmasını və medianın cavanlaşmasını müsbət hal kimi dəyərləndirib: “Mən fürsətdən istifadə edib, bir daha hər birinizə, bütün media rəhbərlərinə və həmkarlara öz təşəkkürümü bildirmək istərdim. Mediamızın da getdikcə daha da cavanlaşması, yeni simaların bura gəlməsi sevindirici haldır”.