Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verilib

Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verilib
Elm və təhsil
15.09.2023 10:28
Aa
dəq

Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2023-2024-cü tədris ili də istisna olmayıb.

Həmişə olduğu kimi, Fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev Göyçay, İsmayıllı və Qəbələdə yeni inşa olunan və əsaslı təmir edilən məktəblərdə olublar.

Göyçay şəhər 6 saylı məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir-bərpa işləri aparılıb.

1969-cu ildə inşa olunan Göyçay şəhər 6 saylı tam orta məktəbin binası artıq istifadəyə yararsız vəziyyətə düşdüyündən Fond tərəfindən 2023-cü ilin yanvar ayından burada bərpa işlərinə başlanılmışdı. Qısa zamanda görülən işlər nəticəsində bir korpusu 3 mərtəbə, digər korpusları 2 mərtəbə olmaqla 4 korpusdan ibarət 624 şagird yerlik təhsil müəssisəsi istifadəyə verilib. Məktəbdə 30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub.

Həftənin ən çox oxunanları