ABŞ-nin Kolorado ştatında bir nəfər hantavirus infeksiyası səbəbindən ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kolorado Səhiyyə və Ətraf Mühit Departamenti məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, Duqlas qraflığında yaşayan yetkin şəxsdə ölümcül hantavirus infeksiyası təsdiqlənib. Qeyd olunub ki, bu hadisənin MV Hondius kruiz gəmisində qeydə alınan epidemiya ilə heç bir əlaqəsi yoxdur.
Səlahiyyətlilər ölən şəxsin dəqiq ölüm vaxtını açıqlamayıblar.
Departament vurğulayıb ki, Sin Nombre hantavirusu Kolorado ştatında xüsusilə yaz və yay aylarında mütəmadi olaraq qeydə alınır və ağır hallarda ölümcül ola bilər. Virus əsasən maral siçanları vasitəsilə yayılır.
Rəsmilər bildiriblər ki, hazırda ictimaiyyət üçün risk aşağı səviyyədə qiymətləndirilir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, 1993–2023-cü illər arasında Koloradoda ümumilikdə 121 hantavirus infeksiyası halı qeydə alınıb.
Qeyd edək ki, MV Hondius kruiz gəmisində də hantavirusla bağlı yoluxma halları aşkarlanıb və bir neçə ölüm qeydə alınıb.