"Google" şirkəti orta büdcəli smartfon bazarındakı mövqeyini gücləndirmək məqsədilə yeni "Pixel 10a" modelini rəsmən elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, cihaz həm texniki göstəriciləri, həm də vizual dəyişiklikləri ilə istifadəçilərin marağına səbəb olub.
Smartfon 2424×1080 piksel icazəli, 6,3 düymlük pOLED displeylə təchiz olunub. Ekran 60-dan 120 Hz-ə qədər dəyişən yenilənmə tezliyini dəstəkləyir və 2000 nit maksimal parlaqlıq təqdim edir. Panelin qorunması üçün "Gorilla Glass 7i" şüşəsindən istifadə edilib.
Cihazın əsas texniki xüsusiyyətləri:
- Prosessor: "Google Tensor G4" çipseti;
- Yaddaş: 8 QB LPDDR5X operativ yaddaş və 128/256 QB daxili yaddaş (UFS 3.1);
- Batareya: 5100 mAh tutumlu akkumulyator, 45 Vt simli və "Qi" standartlı simsiz şarj dəstəyi;
- Əməliyyat sistemi: "Android 16".
Kamera blokunda əhəmiyyətli dəyişiklik edilib. Əsas kamera 48 meqapiksellik sensorla təchiz olunub və onu 13 meqapiksellik genişbucaqlı obyektiv tamamlayır. Selfi həvəskarları üçün isə 13 meqapiksellik ön kamera nəzərdə tutulub. "Pixel 10a" modelinin əvvəlki nəsillərdən əsas vizual fərqi, korpusdan kənara çıxmayan tamamilə yastı kamera panelidir.
Yeni model həmçinin "Pixel 10 Pro"da olduğu kimi müasir "Exynos 5400" modemi ilə təchiz edilib. Smartfonun satış qiyməti 499 dollar olaraq müəyyən edilib. Dörd fərqli rəng çalarında təqdim olunan cihaz üçün ön sifarişlər fevralın 18-də başlayacaq, rəsmi satış isə martın 11-nə planlaşdırılır.