Sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən guya 1 000 manat ödəniş ediləcəyi barədə yayılan xəbərlər tamamilə yalandır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili rəsmi "Facebook" hesabında xəbərdarlıq edib.
Qurum rəsmisi qeyd edib ki, yayılan videoməlumat vətəndaşları aldatmaq məqsədi daşıyır: "Məlumatda rəsmi siyahı ilə tanış olmaq adı altında izləyicilər profildəki linkə yönləndirilir".
Bu addım dələduzluq yolu ilə insanların kart məlumatlarını, nəticədə isə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər.
Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın.