Almaniya Bundestaqı İraqdakı vəziyyətin sabitləşdirilməsi məqsədilə Almaniya Silahlı Qüvvələrinin bu ölkədəki missiyasının mandatını daha 12 ay uzadıb.
“Operativ Məlumat Mərkəzi–OMM”-in məlumatına görə, qərara əsasən, alman hərbçilərinin İraqdakı fəaliyyəti 2027-ci ilin yanvar ayınadək davam edəcək.
Agentliyin xəbərinə görə, mandatın uzadılmasının lehinə Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU), Almaniya Sosial Demokrat Partiyası (SPD) və müxalif Yaşıllar Partiyasından olan deputatlar səs veriblər.
SPD-dən olan deputat Aydan Özoğuzun bildirdiyinə görə, İraqdakı mövcud vəziyyət hələ də tam sabit hesab edilə bilməz və terrorçu “İslam Dövləti” qruplaşması tam şəkildə məğlub edilməyib. Onun sözlərinə görə, məhz bu amil missiyanın davam etdirilməsini zəruri edir.
Qeyd edək ki, Almaniya Silahlı Qüvvələri İraqda əsasən yerli təhlükəsizlik qüvvələrinə təlim və məsləhət dəstəyi göstərir. Mandata uyğun olaraq, missiyada maksimum 500 nəfərədək şəxsi heyətin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Almaniya hökuməti bu missiyanı 2015-ci ildə, “İslam Dövləti” terror qruplaşmasının İraq və Suriyanın geniş ərazilərinə nəzarət etdiyi dövrdə başladıb.